Seirlərin muellifi:Melikova Nezaket Agayar qizi

Xizi Şeiri

Meşəni, ormanı alıb qoynuna
Nə büsat qurmusan Xızı dağları.
İgid ərənlər tək verib baş-başa
Səngər yaratmısan Xızı dağları.

Hər qarış torpağın min bir tamaşa,
Bürünübsən al qırmızı qumaşa,
Hansı məkan gəlsə sənlə yarışa,
Onu mat qoyarsan Xızı dağları.


Ana təbiətin ey lal sükutu,
Başı tül dumanlı, siması nurlu,
Mərdlik timsalı tək məğrur, qürurlu,
Düşmüsən dillərə Xızı dağları.

Büllur bulaqların çeşməsi sulu,
Şanlı salnaməsi, tarixi ulu,
Cəfəri, Müşviqi, Cabir Novruzu,
Sən şair etmisən Xızı dağları.
İlan tək qıvrılıb, gedir bu yollar,
Gözünüzü oxşar ağaclar, kollar,
Bir lütfünü göstər mənə nə olar
Qoynunda yurd salım Xızı dağları.

Dağlılar

Nə reyhan, nə də ki, güldü dağlılar
Dağlar tək qürurlu sərtdi dağlılar.

Bulaqların suyu qəlbinə axıb,
Dağların sərtliyi canına yatıb,
Saflıq, düzlük ilə murada çatıb
Mərdlik etalonu olan dağlılar.

Zalımlara qənim olub əzəldən,
Uğursuzu daim salıb nəzərdən,
Şərəfsizin başın üzər bədəndən
Can olana canın verən dağlılar.

Verdiyi tək sözün dəyəri bəlli,
Hər yerin aslanı, çaqqalı bəlli,
Əllisin çıxıram milyonu bəlli
Şərəfi ilə şan qazanan dağlılar.

Demirəm dünyada sərvəti olub,
Malı-mülkü, varı-dövləti olub,
Dağlının namusu, qeyrəti olub
Qanları ilə tarix yazan dağlılar.

Son tikəsini yarı bölər,
Biri gedər, biri gələr,
İmkansıza yardım edər
Səxavətdə ad çıxaran dağlılar.

20 yanvar şəhidlərinə

Yol uzanır, insan seli bir karvan,
Bu karvanın yükü, Allah, nə yaman.
Bu karvan bir qəm yükünü aparır,
Ananı baladan alıb aparır,
Neçə gəncin toy-düyününü aparır,
Bu karvanın yolu, Allah, nə yaman.
Qərənfillər yağıb karvan yoluna,
Gedər-gəlməz olan ölüm yoluna.
Zamanı çərx edən fələk oxunda,
Bu karvanın yolu, Allah, nə yaman.

İyirmisi yanvar — o müdhiş gecə,
Fitnələrlə dolu, sehirli gecə.
Sanki heç günəş də doğmayacaqmış,
İblisə, şeytana meydandır gecə.
Göydən yağış kimi yağdı güllələr,
Ahıl, uşaq deməyib, biçdi güllələr.
Bir namərd köksünə sıxılacaqdı,
Nə üçün yollarını çaşdı güllələr?
İnsanlar yeriyir yolları üstə,
Qırmızı xonçalar qaralar üstə.
Toy-nişan günü üçün alınan güllər,
Gör necə solğundur məzarlar üstə.
Bizi bu hallara salanlar utansın...